Merhaba Misafir

Elçinin “Baş” romanı: bədii üslub və janr özünəməxsusluğu kontekstində

PDF

Məqalədə çağdaş Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri olan yazıçı Elçinin “Baş” romanı bədii üslub və janr özəllikləri müstəvisində təhlil obyektinə çevrilmişdir. Burada son illərdə yaranan tarixi roman örnəkləri içərisində “Baş” romanının yeri müəyyənləşdirilmiş, əsərin özünəməxsus janr və üslub çalarları səciyyələndirilmişdir. Məqalədə həmçinin romanın əsas və epizodik qəhrəmanları, müəllifin bədii üslubunu şərtləndirən metaforik qatları, bədii sənətkarlıq xüsusiyyətləri (təhkiyə, monoloq, dialoq və s.) əhatəli şəkildə təhlil edilmişdir. Bütövlükdə Elçinin “Baş” romanında yaradılmış obraz və xarakterlər tarixi və bədii təxəyyülün məhsulu kimi iki fərqli müstəvidə dəyərləndirilə bilər. Maraqlıdır ki, yazıçı tarixi obraz və xarakterləri bədii təxəyyül vasitəsi ilə canlandırdığı kimi, bədii təxəyyül məhsulu olan qəhrəmanlarını da tarixi-etnoqrafik cizgi və ştrixlərlə süsləməyi bacarmışdır. Elçinin bir yazıçı kimi yaradıcılığını səciyyələndirən amillərdən ən mühümü onun əsərlərinin çoxqatlı metaforik yazı tərzi ilə müşayiət olunmasıdır. Süjetin bu səpkidə qurulması təsvir olunan hadisə və əhvalatların ifadə imkanları və informativ tutumunu artırdığından mətnaltı funksiya daşıyır. Bu isə dolayısı ilə çoxşaxəli yozum və təhlillərə meydan açır. “Baş” romanında süjetin alt qatında oxucunu düşüncələrə çəkən, sirli ovqat yaradan dərin metaforizm gizlənməkdədir. İstər hadisələrin təqdimində, istər müəllif təhkiyəsində, istərsə də obraz və xarakterlərin daxili dünyasının aşkarlanmasında bu metaforizmin fərqli çalarlarını duymamaq mümkün deyildir.

Yayınlandığı Kaynak : Metafizika
  • Yıl : 2018
  • Cilt : 1
  • ISSN : 2616-6879
  • Sayı : 3
  • Sayfa Aralığı : 57-74
  • IO Kayıt No : 78893
  • Yayıncı : Metafizika Araştırma Merkezi